Demokratiyanın inkişafı

KONSTİTUSİYANIN QƏBUL OLUNMASI

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi.

 Müstəqil dövlətin yeni Konstitusiyasının layihəsinin hazırlanmasının təşəbbüskarı 1994-cü ilin ortalarında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev olmuşdur. Prezidentin İcra Aparatına Konstitusiya layihəsinin xsusi komissiyaya baxmaq üçün təqdim edilməsi barədə dövlət başçısı tərəfindən müvafiq göstəriş verilmişdi. Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazhırlanması üzrə komissiyanın tərkibi prezident tərəfindən parlamentə təqdim edilmiş və Milli Məclis 1995-ci il mayın 2-də müvafiq qərar qəbul etmişdir.

 Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğu əsaslarını qoymuşdur.Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyətlər bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Konstitusiyaya görə Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycan xalqının yalnız onun demokratik surətdə seçdiyi səlahiyyətli nümayəndələri təmsil edə bilər, digər heç kəsin Azərbaycan xalqı adından danışmaq, onun adından müraciət etmək və xalqı təmsil etmək hüququ yoxdur. Konstitusiya ilə müəyyən edilir ki, Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz və hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir. Dövlətin əsaslarını müəyyən edərkən Konstitusiya ilk növbədə hər bir demokratik dövlətin ayrılmaz atributları olan təsisatlara xüsusi yer ayırır. Söhbət insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlətin ali məqsədi olmasından, mülkiyyətin toxunulmazlığına təminat verməsindən, təbii ehtiyatların yalnız dövlətə mənsub olmasından, Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsinin dövlətin xüsusi diqqət mərkəzində olmasından, ailəyə və uşaqlara dövlət tərəfindən qayğı göstərilməsindən və s. bu kimi məsələlərdən gedir.

 Dünyada çox az Konstitusiya tapılar ki, onun maddələrinin üçdə bir hissəsi insan hüquqlarına və onların təminatlarına həsr edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 158 maddəsindən 48-i insan hüquqlarına həsr edilib.