İqtisadi dirçəliş

İQTİSADİYYATDA DİRÇƏLİŞ

Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü, ictimai-siyasi sabitliyinin pozulması, ölkədə rəhbərliyin tez-tez dəyişməsi nəticəsində 90-ci illərin əvvəllərindən etibarən iqtisadiyyatın əksər sahələrində istehsalın tənəzzülü başlamış və bu proses getdikcə dərinləşərək xroniki səciyyə almışdı.

Prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən bəhs edərək Heydər Əliyev iki halı xüsusi qeyd etmişdir: "Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik".

1993-cü ilin yarısından başlayaraq, aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafına mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.

İqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirilmişdir. Özəlləşdrmə prosesi başlayandan 2003-cü il yanvarın 1-dək ümumi dəyəri 549,8 milyard manat olan 36,9 min kiçik müəssisə və obyekt, o cümlədən 711 sənaye, 120 kənd təsərrüfatı müəssisəsi, 351 tikinti təşkilatı, 2911 ticarət, 9641 məişət xidməti, 576 yanacaqdoldurma məntəqəsi, 16,5 min nəqliyyat müəssisəsi və nəqliyyat vasitələri, 92 kommunal təsərrüfatı obyekti və 5,2 min digər obyekt və avadanlıq özəlləşdirilmişdir.

2003-cü ilin əvvəlinədək nizamnamə kapitalı 5331,3 milyard manat olan 1486 dövlət müəssisəsi səhmdar cəmiyyətinə çevrilmişdir.

1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya blokadası şəraitində olan bir vaxtda imzalandı. Həmin dövrdə Azərbaycan haqqında dünyada təsəvvür ya ümumiyyətlə yox idi, yaxud da ki, respublikamız barəsində yalnız mənfi rəy formalaşmışdı. Heydər Əliyevin belə bir gərgin şəraitdə dünyanın 7 inkişaf etmiş qüdrətli dövlətini təmsil edən 11 neft şirkəti ilə "Əsrin müqaviləsi"ni imzalamağa müvəffəq oldu. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. "Əsrin müqaviləsini"nin imzalanmasından 3 il sonra, 1997-ci ilin noyabrında "Əsrin müqaviləsi"nin iştirakçılarından ibarət Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti "Çıraq" yatağının ilk quyusundan neftin fontan vurmasına nail oldu və bu andan başlayaraq, 2002-ci ilin sonunadək həmin yataqdan 24,5 milyon ton neft və 3,5 milyard kubmetr qaz hasil edir. Ümumiyyətlə, 2002-ci ildə Azərbaycanda 15,3 milyon ton neft hasil edilərək son iyirmi dörd ildə ən yüksək göstərici əldə olunmuşdur.

Heydər Əliyevin özünün də vurğuladığı kimi, "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaqlar.

"Əsrin müqaviləsi"nin imzalanması ilə yanaşı hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Layihə çərçivəsində ilkin neftin hasil olunmağa başladığı dövrdə onu Bakı-Novorossiysk kəməri vasitəsiylə nəqli həyata keçirilirdisə də, artıq tezliklə neft hasilatının 50 milyon ton və ondan daha artıq səviyyəyə çıxarılması planlaşdırıldığından alternativ neft kəməri layihələri tələb olunurdu. Digər tərəfdən neftin nəqli məsələsi iqtisadi ilə yanaşı həm də siyasi səciyyə daşıdığından marşrutun seçilməsində marağı olan dövlətlərin də maraqlarının nəzərə alınması vacib idi. Məhz belə bir vəziyyətdə Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edir. Bakı-Supsa kəməri işə salınır, eyni zamanda "Əsrin müqaviləsi" çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin inşa edilməsi üzrə danışıqlar intensivləşdirilir. 1999-cu ilin noyabrında ATƏT-in İstanbul zirvə toplantısının sammiti çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzaladılar. Bu kəmərin çəkilməsi yolunda yaradılan çoxsaylı əngəllərə baxmayaraq Azərbaycan Prezidenti Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində maneələrin hamısı dəf edilərək bu layihənin gerçəkləşməsi reallığa çevrildi, 2003-cü ildə kəmərin tikintisə başlanıldı.

1993-cü ildə Heydər Əliyev Azərbaycan xalqının xahişi və müraciəti ilə hakimiyyətə gələrkən respublikada ümumi daxili məhsul istehsalında orta hesabla 20-23 faiz geriləmə baş verirdi. Lakin Heydər Əliyevin rəhbərliyi ilə respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə, 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Hazırda həmin tarixi dövrü təhlil etdikdə onu sabitləşmə dövrü kimi səciyyələndirmək olar. Məhz həmin illərdə geriləmənin qarşısı alındı və 1996-cı ildən etibarən dirçəliş dövrü başladı.

Statistikaya nəzər salsaq görərik ki, 1996-cı ildə ümumi daxili məhsul istehsalı 1,3 faiz artmış 1997-ci ildə həmin rəqəm 5,8 faiz, 1998-ci ildə isə 10 faiz təşkil etmişdir. Məqsədyönlü şəkildə həyata keçirilən səmərəli tədbirlər nəticəsində ölkədə ümumi daxili məhsul son on ildə 21,2 faiz artaraq 2002-ci ildə 29,6 trilyon manata çatdı ki, onun da 59,8 faizi istehsal, 32,4 faizi xidmət sahələrində baş vemişdir.

1995-ci ildə sənaye məhsullarının buraxılışında azalma 21,4 faiz, 1996-cı ildə 6,7 faiz olmuşdusa, artıq 1997-ci ildə bu sahədə 0,3 faiz artım müşahidə edilmişdir. Bu sıradan neft emalı, metallurgiya, ağac emalı, şüşə və çini-saxsı məhsullar istehsalında artım daha yüksək olmuşdur. Digər istehsal sahələrində geriləmənin sürəti azaldılmış, bəzi hallarda isə bu meyl tamamilə dayandırılmışdır.

1997-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz artmışdır. Hasilat sənayesi ilə yanaşı, qeyri neft sektoru - emal sənayesi də inkişaf edir. Son 4 il ərzində emal sənayesi sahələrində məhsul istehsalı 24 faiz, o cümlədən yeyinti sənayesində 22 faiz, taxta məmulatı istehsalında 3,5 dəfə, metallurgiya sənayesində 2,5 dəfə artmışdır.

Sənayenin inkişafı ilə yanaşı Heydər Əliyev respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox hüquqi-normativ sənəd qəbul edildi və onların əsasında aparılan islahatların yekunu olaraq 872 min kəndli ailəsinə 1372, 8 min hektar torpaq sahəsi, 63 mindən artıq maşın və traktor, 4 min mal-qara tövləsi, 2300 qoyun yatağı, 450 min baş qaramal, 1 milyon 900 başdan artıq davar düşürdü. Hazırda ölkədə 2600-dən çox kəndli-fermer təsərrüfatı fəaliyyəti mövcuddur. İstehsal edilən kənd təsərrüfatı məhsullarının 99,01 faizi məhz onların payına düşür. Bu məhsulların satışında qiymətlər tam sabitləşib, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırıldı.

Yaxın keçmişdə əsas kənd təsərrüfatı məhsullarını müxtəlif xarici ölkələrdən alan Azərbaycan indi əksinə, xaricə məhsul ixrac edir. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün olmuşdur. Təkcə 2002-ci ildə kəndli-fermer təsərrüfatları, digər özəl aqrar qurumlar 2,2 mln. ton taxıl, 973,4 min ton tərəvəz, 329,3 min ton bostan, 694,4 min ton kartof, 511,6 min ton meyvə, 80,2 min ton tütün, 1440 ton çay yarpağı, 223,6 min ton ət (diri çəkidə), 1 mln. 198,6 min ton süd, 561,6 mln. ədəd yumuta, 11,8 min ton yun, 148,3 ton barama istehsal ediblər. 2001-ci ilə nisbətən 2002-ci ildə məhsul istehsalı 6,4 faiz çox olmuşdur.

İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişlənir, möhkəmlənir və inkişaf edir. Əgər 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdusa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənmiş və 128 xarici dövlətlə idxal-ixrac əməliyyatları aparılmışdır.

1993-cü ildə xarici ölkələrdən respublikamıza 628,8 milyon ABŞ dolları məbləğində mal gətirildiyi halda, ölkəmizdən kənara 724,7 milyon dollarlıq mal göndərilmiş və 95,9 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdı. Sonrakı illərdə bu proses davam edərək 2002-ci ildə xarici ölkələrlə ticarət dövriyyəsi 3833,1 milyon ABŞ dolları olmuş və 1993-cü illə müqayisədə 2,8 dəfə artmışdır. O cümlədən bu müddətdə ixrac 2167,5 milyon, idxal isə 1665,6 milyon dollar təşkil etmiş, ölkə üzrə 501,9 milyon müsbət xarici ticarət saldosu yaranmışdır. İxracın həcmi ümumi dövriyyənin 56,5 faizini təşkil etmiş və idxalı 30,1 faiz üstələmişdir.

1991-1994-cü illərdə inflyasiyanın böyük sürətlə 207,1 faizdən 1763 faizə qədər artması müşahidə olunduğu halda, aparılan iqtisadi islahatlar nəticəsində 1995-ci ildən başlayaraq sabitləşmə prosesi getmişdir. Belə ki, 1995-ci ildə istehlak bazarında qiymətlərin əvəlki ilə nisbətən 5,1 dəfə, 1996-cı ildə 19,9 faiz, 1997-ci ildə 3,7 faiz artdığı halda, 1998-1999-cu illərdə inflyasiya deflyasiya ilə əvəz olunmuş və istehlak qiymətləri 1998-ci ildə 0,8 faiz, 1999-cu ildə 8,5 faiz ucuzlaşmış, sonrakı illərdə isə demək olar ki, sabit qalmışdır.

İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etmişdir. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə artaraq 4,6 trilyon manata çatmış, xərcləri isə 72 dəfə artaraq 4,7 trilyon manat olmuşdur.

Beləliklə, tam əminliklə demək olar ki, 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoymuşdur.